Səngəçalda yeni elektrik stansiyasının tikintisi layihəsinə dair ictimai dinləmələr keçiriləcək
25.7.2017

İyulun 25-də Səngəçal qəsəbəsində gücü 385 MVt olan yeni elektrik stansiyasının tikintisi layihəsinə dair ictimai dinləmələr keçiriləcək.
Bu barədə "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı məlumat verib.
Qurum rəsmisi deyib ki, adıçəkilən stansiyanın tikintisi əhəmiyyətlidir: "Azərbaycanın enerji təhlükəsizliyinin davamlı olaraq təmin edilməsi və elektrik enerjisinə artan tələbatının ödənilməsi məqsədilə yeni layihələrin həyata keçirilməsi vacib əhəmiyyət daşıyır. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində tikintisi nəzərdə tutulmuş 385 MVt gücündə yeni elektrik stansiyası da bu qəbildəndir. Bu stansiyanın inşası ilə əlaqədar olaraq, Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirlərin Qiymətləndirilməsi (ƏMSİSTQ) sənədinin hazırlanması üçün “Quality Veritas İnc.” şirkəti işə cəlb edilib. Azərbaycan Respublikasında ƏMSİSTQ layihələrinin hazırlanması proseduruna uyğun olaraq, “Quality Veritas İnc.” şirkəti tərəfindən layihəyə dair ilkin ictimai dinləmələr təşkil olunur. Bu ictimai dinləmələrin əsas məqsədi təklif olunan layihə ilə bağlı ictimaiyyətin nümayəndələrini məlumatlandırmaq və layihənin mümkün təsirlərinə dair onların münasibətlərini öyrənməkdir".
Y.Babanlının sözlərinə görə, ictimai dinləmələr zamanı elektrik stansiyasının tikintisi layihəsi üçün hazırlanmış ƏMSİSTQ sənədinə dair 3 mövzu işıqlandırılacaq: "Bunlar stansiyada quraşdırılması nəzərdə tutulan elektrik avadanlıqları və onların xüsusiyyətləri, ƏMSİSTQ layihəsində qeyd olunan və qiymətləndirilən təsirlərin (ekoloji, sosial, iqtisadi və s.) müzakirə edilməsi və ətraf mühitə və sosial sahəyə ola biləcək mənfi təsirlərin azaldılması üçün tələb olunacaq tədbirlərin müəyyənləşdirilməsidir. Bu görüş layihənin həyata keçirilməsinə faydası ola biləcək nüfuzlu şəxslər, ictimaiyyət, yerli icra hakimiyyəti orqanının və bələdiyyənin nümayəndələri və digər ictimai qrupların üzvləri üçün nəzərdə tutulub"



report.az