Banklar “Xəzərin sahilində” görüşüblər
25.7.2017

“Andrew's Ties”, “Ballı” və “Resm” şirkətlərinin tərəfdaşlığı ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) üzv təşkilatların əməkdaşlarının motivasiyasını yüksəltmək və fəaliyyətinin səmərəliliyini təmin etmək məqsədilə “Xəzərin sahilində” adlı tədbir keçirib.

Şirkətdən bildiriblər ki, ABA-ya üzv təşkilatların və onun sıx əməkdaşlıq etdiyi əlaqədar qurumların orta və yuxarı menecmentindən olan 130-a yaxın iştirakçı üçün “İş və həyat balansı” adlı təlim təşkil edilib. Tədbirdə müxtəlif müsabiqələr keçirilib, iştirakçılar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və yeni əlaqələrin qurulması üçün imkanlar təqdim olunub. Tədbirin önəmi nəzərə alınaraq onun hər il ənənəvi qaydada keçirilməsi planlaşdırılır.

ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda, “Azericard” MMC ABA-nın üzvüdür.

azertag.az