Yeni araşdırmalar yoqanın bel ağrısı olanlar üçün fiziki terapiya kimi təsirli ola biləcəyini ortaya qoyub.
“Annals Internal Medicine” dərgisinə istinadla xəbər verilir ki, həftə ərzində yoqa məşğələlərinə qatılmaq fiziki terapiya ilə eyni nəticəni əldə etməyə imkan verir. Bununla yanaşı, həm yoqa, həm də fiziki terapiyanın birlikdə tətbiqi ilə ağrıkəsicilərin istifadəsini minimuma endirmək olar.
Tədqiqatçılar orta və ağır dərəcəli bel ağrısı olan 320 nəfər üzərində təcrübə aparıblar. Elm adamları onları üç qrupa bölərək fərqli müalicə üsulları tətbiq ediblər. Belə ki, birinci qrupa yoqa dərsləri, ikinci qrupa fiziki terapiya tətbiq edildiyi halda, üçüncü qrupa ağrılarını necə azaldacaqları barədə maarifləndirmə kitabları və bülletenlər verilib. Alimlər yoqa və fiziki terapiya qrupundakı pasiyentlərin digərlərinə nisbətən ağrılarının tez azaldığını və müvafiq olaraq 21 və 22 faiz daha az dərman qəbul etdiklərini müəyyənləşdiriblər.
azertag.az