Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Etihad" aviaşirkəti Azərbaycana birbaşa uçuşlar təşkil edə bilər. Azərbaycanın BƏƏ-dəki səfirliyindən bildirilib ki, müvafiq məsələ Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun aviaşirkətin nümayəndələri ilə görüşü zamanı müzkairə edilib.
D.Şikarov baş qərargahı Əbu Dabi şəhərində yerləşən "Etihad" hava yolları şirkətinin rəhbərliyi ilə görüşüb. Görüşdə dünyanın 10 ən yaxşı hava yolları şirkətləri siyahısına daxil olan bu aviaşirkətin baş icraçı direktoru Piter Baumqartner, birinci vitse-prezidenti Əhməd əl Qubaisi, vitse-prezidentləri Əli Saleh əl Bəluşi, Vicay Punusami, Məhəmməd Abdulla əl Buluki və Aleks Fizerston, həmçinin digər rəsmiləri iştirak ediblər.
Görüşün əsas məqsədi aviaşirkətin Azərbaycana birbaşa uçuşlarının təşkil edilməsi istiqamətində müzakirələrin aparılması olub. D.Şikarov son illərdə Azərbaycanın turistik cazibədarlığının gücləndiyini, körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayının 30 dəfədən çox artdığını, bu sahədə birbaşa təyyarə uçuşlarının vacibliyini diqqətə çatdırıb. O, hazırda Dubay-Bakı, Şarja-Bakı və Dubay-Qəbələ istiqamətində həftədə 45-dən çox uçuşun həyata keçirildiyini, Əbu Dabidə açılması müzakirə edilən marşrut üçün böyük sərnişin potensialının olduğunu vurğulayıb.
Səfir BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abulla bin Zayed əl Nəhyanın bu ilin mart ayında Bakıya rəsmi səfəri zamanı Azərbaycan vətəndaşlarının BƏƏ-yə gələrək yerində viza alması məsələsində ümumi razılığın əldə oldunduğuna istinad edərək, Əbu Dabi-Bakı aviareysinin azərbaycanlı sərnişinlər üçün də yeni və maraqlı istiqamət kimi cəlbedici olacağını qeyd edib, reysin açılmasının faydalı tərəflərini izah edib.
"Tərəflər yaxın gələcəkdə şirkətin yüksək vəzifəli rəsmilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin təşkili, yerində qiymətləndirmə və tezliklə reysin açılması istiqamətində müzakirələrin aparılması barədə razılığa gəliblər", - deyə məlumatda qeyd olunub.
report.az