Yaxın vaxtlarda Almaniyadan Azərbaycana 140 pambıqyığan kombayn gətiriləcək
27.7.2017

Kənd təsərrüfatı naziri Heydər Əsədov ABŞ-ın “John Deere” şirkətinin Avropa ofisinin (Almaniya) nümayəndələri ilə görüşüb. Nazirlikdən daxil olan məlumata görə, görüşün əsas məqsədi “John Deere” şirkəti ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq istiqamətləri haqqında müzakirələrin aparılması olub.
H.Əsədov “John Deere” şirkəti ilə əməkdaşlığa böyük önəm verildiyini, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanların olduğunu nəzərə çatdırıb. Nazir “John Deere” şirkətinin fəaliyyəti üçün Azərbaycan Dövlət Aqrar Universitetində xüsusi otaq ayrılmasını, servis xidmətinin yaradılması, texnika üçün kadr hazırlığı və kadrların şirkətdə təcrübə keçməsinin məqsədəuyğun hesab edib.
Nazir həmçinin “John Deere” şirkəti ilə bağlanmış müqavilələrə əsasən, qısa zamanda pambıq yığımı mövsümünün başlanmasına qədər pambıqyığan kombaynların ölkəyə gətirilməsinin sürətləndirilməsinin vacibliyini şirkət nümayəndələrinin diqqətlərinə çatdırıb.
“John Deere” şirkətinin regional nümayəndəsi Maksimilian Paj (Maximilian Pauge) Azərbaycanla əməkdaşlığı yüksək dəyərləndirdiyini və bundan sonra da əməkdaşlığa önəm verdiyini vurğulayıb. Bildirib ki, artıq yaxın günlərdə 140-a yaxın pambıqyığan kombayn Azərbaycana gətiriləcək. O, şirkətin İdarə Heyəti ilə gələcək imkanları müzakirə etmək və Almaniyada traktor, kombayn istehsalı, Avropa Ehtiyyat Hissələri Mərkəzi və kənd təsərrüfatı texnologiyaları ilə yaxından tanış olmaq məqsədilə H.Əsədovu Manhaym şəhərindəki Avropa qərargahına dəvət edib.

report.az