Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan, Bakıda yerləşən muzey və qoruqların əməkdaşları üçün “Müştərilər ilə (vətəndaşlar ilə) əlaqələrin idarə edilməsi” mövzusunda təlimlər keçirilib.
Nazirlikdən bildirib ki, təlimlər “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Turizm Şurasının qərarına uyğun olaraq, nazirliyin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təlim-tədris mərkəzi tərəfindən reallaşıb.
Təlimlərdə iştirak edənlərə muzey və qoruqları ziyarət edən turistlərə səmərəli xidmətin göstərilməsi, onlara dolğun və düzgün informasiyaların verilməsi, habelə psixoloji sorğuların keçirilməsi, problemlərin vaxtında və yerində həll edilməsi kimi məsələlər haqqında məlumatlar verilib.
Həmçinin mədəni sərvətlər, onun qorunması və gələcək nəsillərə ötürülməsi, mədəni sərvətin turizm sektorunun inkişafına təsiri kimi mövzular da müzakirə olunaraq aidiyyəti beynəlxalq fondlara layihələrin təqdim edilməsi ilə bağlı məlumatlar təlimin əsas mövzularından olub.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2017-ci il 21 fevral tarixində təsdiq olunmuş “Turizm sahəsində Milli Keyfiyyət Sisteminin tətbiqi üzrə Fəaliyyət Planı”na uyğun olaraq, ölkəyə gələn xarici turistlərə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə bu cür təlimlərin digər sahələr üzrə də keçirilməsi nəzərdə tutulub.
azertag.az