Etibar Nəcəfov: Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzlərindən biridir
27.7.2017

Azərbaycanda Beynəlxalq multikulturalizm yay və qış məktəbləri Prezident İlham Əliyevin təşəbbüsü ilə 2014-cü ildən keçirilir. Builki Beynəlxalq multikulturalizm yay məktəbinin böyük əhəmiyyəti var və sayca beşincidir. Bu gün Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur. Bu baxımdan Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi nailiyyətləri bütün dünyaya çatdırmaqda belə tədbirlər çox böyük rol oynayır.

Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi, professor Etibar Nəcəfov Qaxda jurnalistlərə müsahibəsində söyləyib.

Ötən illərki tədbirlərdən fərqli olaraq, builki yay məktəbinin keçirilməsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə yanaşı, UNESCO, Azərbaycanın Gənc Dostları Klubu, “Erasmus+” və “ALADDİN layihəsi” təşkilatlarının da yaxından iştirak etdiklərini diqqətə çatdıran Etibar Nəcəfov deyib: “Yay məktəbində 26 ölkədən 60-dək tələbə, magistr və alim iştirak edir. Tələbələrin əksəriyyəti xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan multikulturalizmi fənnini öyrəniblər. Hazırda bu gənclər nəzəri şəkildə öyrəndikləri, əldə etdikləri bilikləri Azərbaycan gerçəkliyində öz gözləri ilə görür, canlı şahidi olurlar”.

Etibar Nəcəfov Azərbaycan həqiqətlərinin, ölkəmizin multikulturalizm sahəsində əldə etdiyi nailiyyətlərin təbliğində, dünyaya çatdırılmasında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.

azertag.az