ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin məktəblilər üçün təşkil etdiyi yay düşərgəsi yekunlaşıb.
ASC-dən verilən məlumata görə, 4 həftə ərzində şagirdlər tullantıların idarə olunması, ətraf mühitin qorunması və digər mövzularda təlimlərdə, praktik məşğələlərdə və turlarda iştirak ediblər.
İyulun 28-də ADA Universitetində təhsil müəssisəsinin və “Təmiz Şəhər” ASC-nin nümayəndələrinin iştirakı ilə yay düşərgəsinin yekunlarına dair tədbir keçirilib. Tədbirdə iştirakçılar düşərgədə əldə etdikləri biliklər və təcrübə barədə ətraflı məlumat veriblər. Yay düşərgəsində iştirak etmiş şagirdlərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, yay düşərgəsi 3-28 iyul tarixlərində hər birində 30-dan çox yeniyetmə olan 4 qrup şəklində təşkil olunmuşdu. Bu müddət ərzində iştirakçılar tullantılarla rəftar, ətraf mühitin qorunması, tullantıların idarə olunması ilə bağlı təlimlərdə iştirak ediblər, Balaxanı qəsəbəsindəki tullantıların çeşidlənməsi və tullantıların yandırılması zavodlarına, Balaxanı Sənaye Parkında iş prosesi ilə tanış olublar. Yeniyetmələr üçün bərk məişət tullantılarından faydalı əşyalar düzəltmək məqsədilə ustad dərsləri təşkil olunub, “Təmiz Şəhər” ASC-də bərk məişət tullantılarından alternativ enerji əldə edilməsi haqqında seminarlar təşkil olunub və Qalada yerləşən “Tullantıdan sənətə” muzeyinə tur təşkil olunub.
Bununla yanaşı, məktəblilərə üçün Böyükşor bulvarında olub, gölün sağlamlaşdırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verilib. Məktəblilərə, həmçinin kommunikasiya, media, fotoqrafiya, kompüter proqram təminatı kimi sahələr üzrə dərslər keçilib. Düşərgənin akademik və yaradıcı hissədən ibarət olan proqramı ilə iştirakçılar ümumi dünyagörüşünü, məntiqi təfəkkürünü inkişaf etdirib, yeni dostlar qazanıblar.
trend