Müəyyən qruplarda bu ilki qəbul göstəriciləri ötən ilki səviyyədir, ancaq III qrupda qəbul nəticələri bu il daha da yaxşılaşıb.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, ümumi nəticəni götürdükdə deyə bilərik ki, bu ilki nəticələr ötən ilki səviyyədədir: "Ancaq qruplar üzrə fərqlər var. Ötən il II qrupda daha yüksək nəticələr var idi, bu il isə nəticələr bir qədər aşağıdır. Bu, daha hazırlıqlı abituriyentlərin hansı qrupu seçməsindən asılıdır. Məsələn, IV qrupu yalnız hazırlıqlı abituriyentlər seçirlər”.
Avqustun 3-dək qabiliyyət imtahanlarının davam etdiyini deyən M.Abbaszadənin sözlərinə görə, bu imtahanları uğurla verənlər də ixtisas seçiminə qoşula biləcəklər.
Bu il abituriyentlərə özlərini sınamaq üçün 2 dəfə şans verildiyini xatırladan M.Abbaszadə qeyd edib ki, təxminən 10 min nəfər abituriyent yalnız yaz imtahanında iştirak edərək yay imtahanında iştirak üçün qeydiyyatdan keçməyiblər: “Bunlar əsasən, 100 baldan aşağı nəticə göstərənlər idi. Təbii ki, istisnalar var idi. Yüksək bal toplayaraq yenidən yay imtahanında iştirak etməyənlər də var və onların bu imtahanda iştirakına ehtiyac yox idi”.
M.Abbaszadə deyib ki, yaz imtahanında iştirak edən 65 min abiturityentin 53 min nəfəri yenidən yay imtahanında iştirak üçün qeydiyyatdan keçib. Yay imtahanında iştirak edənlərin təxminən 10 min nəfəri elə yalnız yay imtahanında iştirak üçün qeydiyyatdan keçib.
trend.az