“Avtovağzal” metro stansiyasının yaxınlığında abadlıq işləri aparılır
4.8.2017

Sumqayıt-Bakı yolu, “Avtovağzal” metro stansiyası yaxınlığında yerləşən yaşayış massivində yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, ərazidə ağacların qorunması və yaşıllıq zonasının daha da genişləndirilməsi, həmçinin ictimai zonanın yaradılması məqsədilə layihələndirmə işləri aparılıb.

Binəqədi rayon icra hakimiyyətindən bildiriblər ki, aparılan layihələndirmə işləri çərçivəsində ərazidə hündürlüyü 4-5 metr olan 1900 kvadratmetr hasar hörgüsü inşa edilib, 250 metr məsafəyə səki daşları, 400 kvadratmetr tamet daşı düzülüb.

Ərazidə yaşıllaşdırma işləri də aparılıb. 5 min kvadratmetr sahəyə yaşıl çəmən örtüyü salınıb, 2300 ədəd həmişəyaşıl bəzək kolları, 50 ədəd buksus kolları, müxtəlif gül-çiçək, ağaclar və dekorativ bitkilər əkilib, 1 ədəd söhbətgah, 22 ədəd oturacaq, 350 metr ərazidə avtomatlaşdırılmış suvarma sistemləri quraşdırılıb.

Yolun Sumqayıta doğru uzanan istiqamətində uzunluğu 157 metr, hündürlüyü 1,8 metr olan hasar hörülüb, 147 metr əraziyə səki daşları düzülüb, 525 kvadratmetr sahədə yaşıl çəmən ötu və 10 ədəd bəzək kolları əkilib.

Hazırda ərazidə abadlıq işləri sürətlə davam etdirilir və yaxın vaxtlarda sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

azertag.az