“Mədəniyyət” kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə bəstəkarlar arasında estrada janrında mahnı müsabiqəsi elan olunub.
“Mədəniyyət” kanalının direktoru Ramil Qasımovun sözlərinə görə, müsabiqənin əsas məqsədi müasir estrada mahnılarının yaranmasına xidmət etmək, eyni zamanda, bəstəkarlar tərəfindən yazılan mahnıları üzə çıxarmaq, istedadlı gənclərə dəstək olmaqdır. Müsabiqə, həmçinin ölkəmizin müasir iqtisadi-mədəni inkişafının mədəni müstəvidə işıqlandırılmasını təmin edəcək, habelə yüksək səviyyəli mədəniyyət nümunələri geniş tamaşaçı kütlələri arasında təbliğ olunacaq.
Azərbaycan Televiziyası öz fəaliyyətində gənc nəslə vətənpərvərlik, qəhrəmanlıq ideyalarının təbliğini, xalqa, millətə, bayrağımıza, doğma Bakımıza, Azərbaycanımıza hörmət və sevgi hisslərinin aşılanmasını hər zaman əsas missiya kimi öz üzərinə götürür. Yetişməkdə olan gənc nəslin maariflənməsi Azərbaycan Televiziyasının əsas məqsədlərindəndir. Bu baxımdan belə müsabiqələrin təşkili təqdirəlayiqdir.
Layihədə 20 müasir gənc seçiləcək və bəstəkarların yeni əsərləri televiziya və radio vasitəsilə təbliğ olunacaq.
Müsabiqədə iştirak etmək istəyənlər estrada janrında olan əsərlərin notunu və müğənninin ifasını elektron formada avqustun 25-dək Medeniyyettv@aztv.az ünvanına göndərə bilərlər.
Münsiflər heyətinin seçdiyi qaliblərə pul mükafatı veriləcək.
azertag.az