Azərbaycan dekorativ-tətbiqi sənəti çox qədim tarixə və bədii ənənələrə malikdir. Onun ən müxtəlif növlərinin bilavasitə xalqın məişəti ilə bağlı olması bu danılmaz qədimliyi bir daha təsdiqləyir. Hər bir azərbaycanlı türkün gündəlik həyatında cürbəcür əşyalardan istifadə etməsi onların zaman-zaman bədii-estetik inkişafına təsir göstərib. Beləcə, əvvəllər çox sadə biçimli və naxışsız olan əşyalar illərin axarında çeşidli bədii məziyyətlərlə zənginləşərək, dünya muzeylərini bəzəyən sənət incilərinə çevrilib.
İnama tapınan ustaların gözlərinin nurunu, əllərinin və ürəklərinin istisini yaşadan bu sənətkarlıq nümunələrinin hər birində xalq sənəti üçün vacib və önəmli sayılan milli ruh hiss olunmaqdadır. Odur ki, əsrlərboyu Azərbaycana üz tutan əcnəbilər buradan ayrılanda özləri ilə bir xalq sənəti nümunəsini aparmağı böyük səadət hesab ediblər. Bu, təəssüfləndirici olsa da, müəyyən mənada qürur doğuran, xalqımıza başucalığı və şöhrət gətirən gerçəklikdir.
Azərbaycanlı sənətkarların yaratdıqları xalça, tikmə, zərgərlik, keramika, metalişləmə, ağacoyma, daşoyma, geyim və s. nümunələri xalqın zəngin mənəvi dünyasının və bədii zövqünün ifadəsi olmaqla, böyük qürur mənbəyinə çevrilib. Fəxrlə demək olar ki, çox vaxt heç adlarını bilmədiyimiz azərbaycanlı ustalar el sənətini el şöhrətinə çevirə biliblər. Aqillərimizin vaxtilə dilə gətirdikləri “El sənəti – el şöhrətidir” deyimi də, görünür, bu danılmazlığın yığcam ifadəsidir. Bu fikrin tutumu və dəyəri ötən yüzilliklərdən bəri dəfələrlə təsdiqlənib. Yaxşı haldır ki, yaranma tarixi çox-çox qədimlərə təsadüf edən xalq sənətinin dəyərli olmasını özündə yaşadan bu danılmaz həqiqət bu gün çox böyük, bəlkə də amansız sınağa çəkildiyi bir məqamda çətinliklərə tuş gəlməsinə baxmayaraq, özünü göstərməkdədir. El sənətini yaşatmağı özünə həyat amalı seçənlərə rast gəlmək əslində mavi yuxuların çin olmasına bənzəyir. Bu yerdə söhbətimizi metalişləmə sənətinə, onun çağdaş durumuna, bir qədər də nizamsız görünən təkamülünün öləziyən işartılarını gözlərinin işığı, əllərinin hərarətilə şəfəqləndirməyə çalışan sənətkara yönəltmək istəyirik. Hamımıza başucalığı gətirən el sənətinin müasir durumuna özünəməxsus töhfələr verən həmin sənətkar Əməkdar Rəssamı Şaiq Məmmədovdur.
Qədim Gəncə şəhərində yaşayıb-yaradan və Gəncə Dövlət Pedaqoji Universitetində çalışan, pedaqogika üzrə fəlsəfə doktoru, professor Şaiq Məmmədov metalişləmə sənətinə sonsuz məhəbbət bəsləyən, bu sənətin unudulmuş bədii ənənələrinə yeni nəfəs vermək istəyilə yaradan sənətkarlardandır.
Azərbaycanda metalişləmə sənətinin çox qədim tarixi vardır. Onun uzunömürlülüyü, ilk növbədə, gündəlik həyatımızla bağlı olması ilə əlaqədardır. Zaman-zaman el sənətkarları məişətimizi zənginləşdirən müxtəlif əşyalar hazırlayıblar. Tarixin inkişaf mərhələlərində onların bir qismi praktiki əhəmiyyətini itirərək muzey və şəxsi kolleksiyaların bəzəyinə çevrilib. Qalanları da ömrünə yazılmış qayğısızlığın axarında öz əvvəlki görkəmini, təmtərağını Şaiq kimi sənətkarların sayəsində bərpa etməkdədir.
Bu gün Şaiq Məmmədovun ölkəmizdə metalişləmə sənəti ilə davamlı məşğul olan bir-neçə sənətkardan biri olması danılmazdır. Həm respublikamızda, həm də onun hüdudlarından xeyli uzaqlarda keçirilən müxtəlif miqyaslı bədii sərgilərin ekspozisiyasını onun əsərləri olmadan təsəvvür etmək mümkün deyil. Şaiq Məmmədovun bu sahədə ərsəyə gətirdiyi sənət nümunələrinin ayrı-ayrılıqda təhlilinə keçməzdən əvvəl demək lazımdır ki, onun metalişləmə ilə bağlı bədii irsinin yaranmasında nümayiş etdirdiyi yüksək sənətkarlıq özünü praktiki əhəmiyyətli müxtəlif əşyaların hazırlanması ilə yanaşı, bu materialın heyrət doğuracaq bədii nümunələrində də müşahidə olunmaqdadır.
Müxtəlif formalı xəncərlər, qadın qolbaqları, medalyon və üzüklər, müştük, alışqan, qələm, qamçı, kitab üzlüyü və s. bu qəbildəndir. Onun gümüş, melxior, polad, latun və başqa materiallardan hazırladığı bu nümunələr yüksək bədii məziyyətlərinə görə nəinki məişətimizi, hətta ən nüfuzlu muzeyləri bəzəməyə layiqdir. Onlarda müəllifin ənənəvi forma-biçimi orijinal naxış örtüyü ilə mənalandırmaq istəyi qabarıqdır. Nəbati naxışların müxtəlif rəngli daş-qaşlarla vəhdəti estetik baxımdan təsirli, bir çox hallarda isə heyranedicidir. Çünki bu əsərlərdə Şaiq Məmmədov həm formanı yaxşı duyan metalçı-ustadır, həm də onu təxəyyülündə canlandırdığı obraza uyğunlaşdıran zərgərdir. Hər iki xüsusiyyəti qoşalaşdıran isə onun yüksək icra mədəniyyətinə malik olmasıdır. Bunsuz yaradılan metalişləmə nümunələri, sözsüz ki, heyranedici çıxmazdı.
Bu gün “Gəncə darvazaları” sözünün onun barəsində az-çox məlumatı olan hər kəsdə qürur hissi yaratdığı birmənalıdır. Bu sözü nə üçün Şaiq Məmmədovun yaradıcılığı ilə bağlamağımızın səbəbini çoxları bilmir. Bilməyənlərə də məlumat üçün deyirik ki, itirildiyi 1139-cu ildən bir an belə unudulmayan qədim Gəncə darvazalarının (1063-cü ildə İbrahim Osmanoğlu tərəfindən hazırlanıb) müstəqillik illərində yenidən hər bir gəncəli üçün şərəf və qürur qaynağına çevrilməsində Şaiq Məmmədovun mühüm xidmətləri olub. Bu darvazaların Şaiq Məmmədov tərəfindən hazırlanmış surətinin öz əvvəlki yerini almasından bir-neçə il sonrakı taleyindən asılı olmayaraq deyirik ki, o, sözün əsl mənasında qədim şəhərin əhalisi üçün yenidən şərəf daşıyıcısına çevrilmişdi...
Şaiq Məmmədovun özündə ənənə və müasirliyin vəhdətini yaşadan sənət nümunələri göstərir ki, zamanında “El sənəti - el şöhrəti” kimi qəbul olunan bədii sənətkarlıq sahəsi bu gün də milli incəsənətimizi dünyada tanıda bilmək potensialına malikdir. Onun inkişafına təkan vermək isə bütün mənalarda bu gün çox vacib məsələdir.
azertag.az