Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Quba və Mingəçevir “ASAN xidmət” mərkəzlərində ümumilikdə 38 (Quba “ASAN xidmət” mərkəzi 19, Mingəçevir “ASAN xidmət” mərkəzi 19) vakant yer tutmaq məqsədi ilə keçirilən müsabiqədə orta, orta-ixtisas və ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 25-dək, boyu 160 santimetrdən yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilən şərtlərə cavab verən, yaşayış yeri üzrə Quba rayonunda və Mingəçevir şəhərində (ətraf rayonlarda) daimi qeydiyyatda olan qadın vətəndaşlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunan normativlər üzrə yoxlanacaq. Müsabiqədə ali təhsillilərə, kompyuterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.
Xidmətə qəbul olunmaq istəyən şəxslər 2017-ci ilin avqust ayının 7-dən sentyabr ayının 7-dək iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri R.Behbudov küçəsi 130-da yerləşən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
-Şəxsiyyət vəsiqəsi
-Təhsil haqqında sənədin əsli
-əmək kitabçası (olanlar üçün)
Əlavə məlumat üçün əlaqə telefonu: (012) 590-64-41
report.az