Uşaqlar üçün kitab sərgisi açılıb
10.8.2017

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Yasamal rayon MKS-nin 2 nömrəli filialı balaca oxucuları üçün “Açıq kitabxana” layihəsini həyata keçirib.

Layihə çərçivəsində uşaqlar üçün müxtəlif ədəbiyyatlardan ibarət kitab sərgisi də təşkil edilib.

Sərgidə bir sıra xarici uşaq ədəbiyyatları və yeni alınan kitablar nümayiş etdirilib. Uşaqlara kitabın bəşər mədəniyyətinin böyük təzahürü, cəmiyyətin maddi və mənəvi həyatının tərkib hissəsi, siyasi-ideoloji mübarizə vasitəsi olduğu bildirilib.

Vurğulanıb ki, müasir insan üçün faydalı kitab maddi nemətlər istehsalını təkmilləşdirmək, cəmiyyətin inkişaf qanunauyğunluqlarını dərk etmək, təbiətin sirlərini öyrənmək, habelə kosmik fəzanı fəth etmək, elm, sənaye və texnikanı durmadan yüksəltmək vasitəsidir. Uşaqların kitaba, mütaliəyə marağının artırılması məqsədi daşıyan sərgi balaca oxucularda böyük təəssürat yaradıb.

azertag.az