Salyanın müalicəvi suları
14.8.2017

Salyan rayonu digər sərvətləri ilə yanaşı, min bir dərdin dərmanı olan bulaqları, isti su və palçıq vulkanı ilə də məşhurdur. Elə ki, yay mövsümü gəldi şəfa tapmaq üçün həmin bulaqlara, isti sulara üz tutanların sayı günbəgün artır.

Bura gələn insanlar bu sulardan istifadə edərək şəfa tapıb geri dönürlər.

“Şır-şır” bulaq, “Ayranlı” bulaq, “Kükürdlü” bulaq və isti sular bunlar rayon mərkəzindən 8-10 kilometr aralıda sıralanmış Babazənan dağlarının əhatəsində olan müalicəvi əhəmiyyətli bulaqlardır ki, 100 illərdir yerin tərkindən qaynayaraq çıxır və bura gələn insanlar da bu sulardan istifadə etməklə şəfa tapırlar.

Müalicəvi sulardan istifadə etmək üçün təkcə yerli, ətraf bölgə sakinləri deyil, xarici ölkələrdən də bura üz tutanlar olur. Sakinlərin dediyinə görə, şəfa sularından 3-5 gün istifadə etməklə onun xeyrini görmək olur. Dağdakı isti sular revmatizm, radikulit, hərəkət-dayanaq sistemlərindəki problemlərin, qadınlarda ginekoloji və digər xəstəliklərin müalicəsində mühüm rol oynayır.

Məşhur “Şır-şır”, eləcə də “Ayranlı” bulaqların suyunun da özünəməxsus müalicəvi əhəmiyyəti var. “Şır-şır” bulağı dəri xəstəliklərinin, “Ayranlı” bulaq isə baş ağrılarının müalicəsində əvəzsizdir.

Mütəxəssislərin fikrincə bu ərazidə sanatoriyalar yaradılarsa, burada insanlara həm normal xidmət göstərilər, həmdə bölgədə turizm inkişaf edər.

azertag.az