Rusiyanın Birinci kanalında “Jara-2017”nin qala-konsertinin ikinci hissəsi yayımlanacaq
15.8.2017

Avqustun 18-də Rusiyanın Birinci kanalında Moskva vaxtı ilə saat 21:30-da “Jara-2017” Beynəlxalq Musiqi Festivalının qala-konsertinin ikinci hissəsi nümayiş etdiriləcək.

Bu barədə məlumat Birinci kanalın saytında yer alıb.

Xatırladaq ki, “Jara-2017” festivalı iyulun 27-dən 30-dək Bakıda “Sea Breeze” istirahət mərkəzində keçirilib. Azərbaycanla yanaşı, Rusiya, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Baltikyanı və digər ölkələrdən 800-dən çox musiqiçinin iştirak etdiyi bu festivalı canlı olaraq 40 mindən çox tamaşaçı izləyib.

Alla Puqaçova, Sofiya Rotaru, Layma Vaykule, Alessandro Safina, Qriqori Leps, Polad Bülbüloğlu, Lev Leşşenko, Vladimir Vinokur, Valeri Meladze, Filip Kirkorov, Kristina Orbakayte, Nikolay Baskov, EMİN, Oleq Qazmanov, Vera Brejneva, Svetlana Loboda, Ani Lorak və digər tanınmış estrada ulduzlarının iştirak etdikləri bu festival yayın ən qaynar hadisəsi olub.

Festivalın təşkilatçıları tanınmış müğənni və bəstəkar EMİN, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.


azertag.az