Avqustun 17-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Polşa xarici işlər nazirinin müavini Yan Çeçiçakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ADU-dan bildiriblər ki, görüşdə çıxış edən rektor Azərbaycan-Polşa əlaqələrinin sağlam təməl üzərində qurulduğunu bildirib. K.Abdulla bu münasibətlərin gələcəkdə də ciddi və faydalı istiqamətdə inkişaf edəcəyinə ümidvar olduğunu bildirərək deyib: “Bütün beynəlxalq tədbirlərdə Polşa Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Eyni zamanda, ölkəmizdə təşkil olunan nüfuzlu tədbirlərdə Polşanın təmsilçiləri fəal iştirak edirlər. Bu, Azərbaycan-Polşa münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. Hər iki ölkənin dövlət başçılarının bu cür yüksək münasibətlərin qurulmasında böyük rolu var. Sevinirik ki, Polşa kimi bir ölkə ilə münasibətlərimiz bu gün də yüksək səviyyədədir. Bu əlaqələrin gələcəkdə daha da yüksək səviyyəyə çatacağına heç bir şübhə ola bilməz”.
K.Abdulla Bakı Slavyan Universitetinə rəhbərlik etdiyi dövrdə - 2009-cu ildə Polşanın sabiq prezidenti Lex Kaçinskinin həmin təhsil ocağına gəlişini, ona universitetin fəxri doktoru diplomunun verildiyini xatırladıb.
Polşa mədəniyyətinin, ədəbiyyatının, dilinin ADU-da təbliğ və tədris olunduğunu deyən rektor bildirib ki, qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində bu istiqamətdə daha böyük işlər görüləcək. Rektor Polşa universitetlərində də Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və tarixinin tədrisinin, bu məqsədlə yeni mərkəzlərin açılmasının vacibliyini vurğulayıb.
ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verən K.Abdulla universitetdə Polşa Mərkəzinin yaradılması təklifini irəli sürüb. “Ümid edirəm ki, ölkənizlə universitetimiz arasında əlaqələr güclənəcək. Biz bu istiqamətdə əlimizdən gələni etməyə hazırıq”, - deyə rektor bildirib.
Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Y.Çeçiçak ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə inkişafı barədə rektorun səsləndirdiyi fikirlərlə həmrəy olduğunu deyib. O, ADU-da Polşa Mərkəzinin yaradılması ideyasını dəstəklədiyini və bu təşəbbüsün həyata keçirilməsi üçün lazımi addımların tez bir zamanda atılmasına çalışacağını vurğulayıb.
Sonda qonaqlara ingilis dilinə tərcümə edilmiş "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı hədiyyə olunub.
azertag.az