Salyanlı gənclər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər
18.8.2017

Salyan rayonunun bir qrup yeniyetmə və gənci ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Səfər Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş salyanlı gənclərin xatirəsinə həsr olunan tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.

Salyanlı gənclər əvvəlcə Bakı şəhərindəki Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Sonra məktəblilər Fəxri Xiyabana gəliblər. Əllərində gül-çiçək dəstələri tutmuş məktəblilər şəhidlərin məzarlarını ziyarət edərək önünə tər gül dəstələri düzüblər.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Salyan Təşkilatının sədri Arif Əsgərov qeyd edib ki, Vətən uğrunda canlarından keçmiş şəhidlər heç vaxt unudulmayacaq. Arif Əsgərov ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Daha sonra Salyan məktəbliləri - Pərviz Əbil, Ruhiyyə Muradova və Aytac Abasova müstəqil Azərbaycana, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərə həsr edilmiş şeirlər söyləyiblər.

Səfər zamanı salyanlı məktəblilər, həmçinin Dağüstü Parkı gəzib, Bakının görməli yerləri ilə tanış olublar.


azertag.az