Qazaxda Xalq Şairi Mirvarid Dilbazinin 105 illiyi qeyd olunub
18.8.2017

Qazaxda Azərbaycanın Xalq Şairi Mirvarid Dilbazinin anadan olmasının 105 illiyi qeyd olunub.

Bu münasibətlə keçirilən tədbirdə ziyalılar, ağsaqqallar, şairlər, poeziyasevərlər və ictimaiyyətin nümayəndələri iştirak edib.

“Fəxri qazaxlılar” parkında keçirilən tədbirdə iştirakçılar şairin parkdakı büstü önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri açaraq M.Dilbazinin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, onun zəngin yaradıcılığından söz açıb. Bildirib ki, bu gün 105 illiyini qeyd olunan M.Dilbazi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində öz dəsti-xətti, öz sözü olan sənətkarlardandır. Poeziyamızda silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanizm, yüksək insani dəyərlər, vətənpərvərlik onu xalqa sevdirib.

Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal çıxış edərək M.Dilbazinin ədəbiyyatımızın inkişafındakı xidmətlərindən söz açıb.

Qeyd olunub ki, M.Dilbazi öz zəngin yaradıcılığı ilə Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb. Bunun nəticəsidir ki, onun şeirləri bu gün də sevilə-sevilə oxunur.

Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairin qohumu Zaməddin Ziyadoğlu, Xanlıqlar kənd tam orta məktəbin müəllimi İlhamə Allahverdiyeva, M.Dilbazi adına Cəfərli kənd tam orta məktəbin müəllimi Vilayət Rüstəmov şairənin yaradıcılığından söz açaraq onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirdə iştirak edən şairlərdən İbrahim İlyaslı, Tamella Poladlı, Mübariz Qaragözlü, Məzahir Yaqub, Kazım Kazımlı, Elnur Süleymanlı, Səhlədar Hidayətoğlu, İlham Mansurlu öz yeni şeirlərini oxuyublar.

Axırda M.Dilbazi adına Cəfərli kənd və Xanlıqlar kənd tam orta məktəblərin şagirdlərinin ifasında M.Dilbazinin şeirləri səsləndirilib.

azertag.az