Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulur
24.8.2017

Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin - sertifikasiya ilə əlaqədar ilk imtahanların oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulur.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, imtahanların tarixini elan etməzdən əvvəl dövlət qurumlarından vakant yerlər əldə olunmalıdır. M.Abbaszadə deyib: “Bu ayın sonunadək müxtəlif dövlət qurumlarından məlumatlar DİM-ə daxil olarsa, sentyabrda dəqiq tarixi elan edə biləcəyik. Dövlət qulluğuna qəbulla bağlı təşkil ediləcək müsabiqədən əvvəl online sınaq imtahanları keçiriləcək. Həmin imtahanların sentyabrın sonlarında təşkili nəzərdə tutulur”.

M.Abbaszadə rəhbərlik etdiyi mərkəzdə struktur dəyişikliklərinin həyata keçiriləcəyini də bildirib. “Hazırda bizim cəmi səkkiz bölgədə regional şöbələrimiz var və onlar bütün ölkəni əhatə edir. Amma hiss edirik ki, regionda bölmələrin sayını artırmalıyıq. Vətəndaşlara xidmət göstərmək və maarifləndirmək məqsədilə regionlarda əməkdaşların sayını artıracağıq”, - deyə DİM-in Direktorlar Şurasının sədri vurğulayıb.

azertag.az