Unudulmaz aktyorun yubileyi qeyd olunacaq
19.11.2012

Noyabrın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) görkəmli sənətkar, unudulmaz teatr və kino aktyoru, Əməkdar Artist Məmmədağa Dadaşovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.

Tədbirdə sənətkarın vaxtı ilə birgə çalışdığı teatr və kino xadimləri onunla bağlı xatirələrini bölüşəcək, çəkildiyi filmlərdən kadrlar nümayiş etdiriləcək. Tədbirin quruluşçu rejissoru və ssenari müəllifi Nicat Kazımovdur.

Xatırladaq ki, Məmmədağa Ağakərim oğlu Dadaşov 1912-ci il aprelin 12-də Bakıda anadan olub. Məktəb illərində 40 saylı pioner dəstəsinin dram dərnəyinin üzvü olub, səhnəyə isə ilk dəfə 14 yaşında çıxıb. Hazırkı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da həmin dərnəyin bazasında yaradılıb və truppanın ilk aktyorlarından biri də Məmmədağa Dadaşov olub. O, ömrünün sonunadək bu teatrdan ayrılmayıb, komediya, faciə, nağıl-tamaşalarda biri-birindən fərqli amplualarda, müxtəlif xarakterli obrazlar yaradıb.

Azad (“Azad”, Əyyub Abbasov), Valer, Leandr (“Zorən təbib” və “Skapenin kələkləri”, Jan Batist Molyer), Vəhşi pişik (“Özbaşına gəzən pişik”, Reyhard Kiplinq), El oğlu (“El oğlu”, Abdulla Şaiq), Çingiz (“Nərgiz”, Mirmehdi Seyidzadə), Məhkəmə sədri (“Müfəttiş”, Nikolay Qoqol), Ağa Zaman, Məşədi Qurban, Hatəmxan ağa (“Molla İbrahimxəlil kimyagər”, “Xırs quldurbasan” və “Müsyö Jordan və dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə), Hacı Saleh (“Tamahkar”, Süleyman Sani Axundov), İmran (“Anacan”, Yusif Əzimzadə), Nüsrət (“Yaşar”, Cəfər Cabbarlı) və bir çox digər obrazlara həyat verib.

1957-ci ildə “Əməkdar Artist” fəxri adına layiq görülmüş görkəmli aktyor 1996-cı ildə vəfat edib.

Gün.Az