Zoğal ağacının hikməti və meyvələrinin tibbi əhəmiyyəti
28.8.2017

Yazın nəfəsi duyulan kimi ağaclar içərisində ilkin çiçəkləyən zoğal olur. Ona görə də zoğal ağacına el arasında “şeytanaldadan” da deyirlər.

Zoğal bütün çiçəklərdən tez açsa da, onun bar vermə vaxtı avqustun isti vaxtına düşür. Onun meyvələrindən həm ağız büzüşdürəni, turşməzəsi, həm də şirini olur.

Qədim yunan salnaməçisi və coğrafiyaçısı Strabonun yazdığına görə məşhur bir loğman soyuq payız günü Qanıx (Alazan) çayının sahilində oturub çayda çimən uşaqlara tamaşa edirmiş. Suya baş vurub çimən uşaqların soyuqlayıb xəstələnəcəyindən narahat olan loğman görür ki, uşaqlar çaydan çıxıb kənardakı zoğal ağacına dırmaşaraq, meyvələri dərib yeməyə başladılar. Loğman öz-özünə fikirləşir ki, dərdi və dərmanını bildiyinə görə böyük xalqdır. Soyuqdəyməni aradan götürən vasitə kimi zoğal xalq təbabətində indiyə kimi istifadə olunur.

Digər rəvayət Şah İsmayıl Xətai ilə bağlıdır. Deyilənə görə, İsmayıl balaca olanda onu Ağqoyunlu dövlətinin adamlarından yayındırmaq üçün zoğal çubuqlarından hörülmüş cəvərana qoyub ağacın başında gizlədiblər. İsa peyğəmbərin də zoğal ağacında çarmıxa çəkildiyi deyilir. Məşhur xristian əfsanəsinə görə, həmin hadisədən sonra ağacın boyu kiçilərək indiki formaya düşüb.

Zoğal mürəbbəsi ilə çay içmək orqanizmdən soyuqdəyməni qovub çıxarır.

Zoğaldan hazırlanan axta və turşu müxtəlif xörəklərə tökülərək ona dad verir. Onu hazırlamaq üçün zoğal dənədən çıxarılandan sonra tənəkənin üstündə açıq havada qurumağa qoyulur, quruyandan sonra duzlu suya çəkilərək yığılıb qışa saxlanır. Qurumuş zoğal dənəsini həvəngdəstədə döyüb toz halına salandan sonra onu çaya töküb qarnı ağrıyan uşağa verirlər. Zoğal lavaşı isladılandan sonra boğazı gələn xəstəyə verilir, diş ağrısı zamanı onu ağrıyan nahiyəyə sürtmək də faydalıdır. Zoğal şirəsi və mürəbbəsi soyuqdəymə, qızdırma, titrətmə və üşütmə zamanı ən yaxşı təbii vasitə hesab olunur.

Vitamin C ehtiyatına görə zoğal qara qarağatın giləmeyvələrindən daha üstündür. Onun tərkibində şəkər, üzvi turşular, vitaminlər, fitonsidlər, aşı maddələri və s. mövcuddur. Qabığında yalnız ona məxsus olan komin qlikozidi var. Sidik-ifrazat sistemi, revmatizm xəstəlikləri, bağırsaq pozulmaları və vərəm zamanı zoğal yemək çox faydalıdır. Zoğal orqanizmə ümumi tonuslandırıcı və möhkəmləndirici təsir göstəriş ABŞ-da zoğalın qabıq və kökü malyariyanın müalicəsində tətbiq edilir. Rus xalq təbabətində zoğalın təzə dəmlənmiş meyvələrindən qanazlığı, dəri xəstəlikləri, podaqra və oynaq xəstəliklərində, mübadilə pozulmalarında, qabığından isə qızdırma əleyhinə istifadə olunur. Zoğal həm də büzücü və sinqa əleyhinə təsirlərə də malikdir.

azertag.az