Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) vakant fakültə dekanı və kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edilib.
ADPU-dan bildirilib ki, müsabiqənin şəffaf və obyektiv aparılmasını təmin etmək məqsədilə tərkibinə tanınmış, təcrübəli və nüfuzlu alimlərin daxil olduğu 27 nəfərdən ibarət komissiya yaradılıb. Komissiyanın sədri Bakı Dövlət Universitetinin fiziki elektronika kafedrasının professoru Şahlar Əsgərovdur.
Qeyd edək ki, müsabiqə ADPU-nun tarix və coğrafiya, kimya və biologiya, fizika və texnologiya, musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültələrində və 16 kafedrasında keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər rektorun adına ərizə, kadrların şəxsi uçot vərəqəsini, tərcümeyi-hal, 3x4 sm ölçüsündə iki fotoşəkil, əmək kitabçasından çıxarış, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini, elmi və elmi-metodik işlərin siyahısını, şəxsiyyət vəsiqəsinin surətini, fakültə və ya kafedranın beşillik perspektiv inkişaf planını təqdim etməlidirlər.
Sənədlər sentyabrın 15-dək ADPU-nun insan resursları departamentinə təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər əlavə məlumat üçün (012) 498-08-16 və (012) 498-17-94 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.
azertag.az