Bu gün Nüvə Sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günüdür
29.8.2017

29 avqust - Nüvə Sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günüdür. Həmin təqvim 2009-cu il dekabrın 2-də BMT Baş Məclisi tərəfindən təsis edilib.

İlk nüvə silahı sınağı 1945-ci il iyulun 16-da ABŞ-ın Triniti bölgəsində həyata keçirilib. O vaxtdan etibarən ABŞ 1054, keçmiş SSRİ 715, Birləşmiş Krallıq 45, Fransa 210, Çin 45 nüvə sınağı aparıb. Bundan əlavə, Hindistan, Pakistan və Şimali Koreya yeraltı sınaq partlayışları həyata keçiriblər. Həmin eksperimentlərin bəşəriyyət üçün dağıdıcı təsirləri var. Nüvə silahı sınaqlarının təhlükələrini aradan qaldırmaq üçün elmi və siyasi addımlar atılmalıdır.

Nüvə Sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günü cəmiyyəti nüvə silahlarının zərərləri barədə məlumatlandırmaq üçün qeyd edilir. Nüvə silahlarından azad olmaq haqqında qətnaməni Qazaxıstan təqdim edib və BMT-nin bütün üzv dövlətləri tərəfindən yekdilliklə dəstəklənib. Bu tarix 1991-ci il avqustun 29-da Qazaxıstandakı Semipalatinsk nüvə sınağı ərazisinin bağlanmasını qeyd etmək məqsədilə seçilib.

azertag.az