Avqustun 15-də Azərbaycanın Xalq Artisti, Dövlət Mükafatı Laureatı, teatr sənətinin böyük ustadı, dram aktrisası Dina Tumarkinanın 85 yaşı tamam olub. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının priması İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) yarandığı ilk gündən onun fəal iştirakçılarından biri olub. “Azİz”in rəhbərliyi aktrisanın yubileyi münasibətilə bir sıra tədbirlər hazırlayıb.
Assosiasiyanın mətbuat xidmətindən bildiriblər ki, belə tədbirlərdən biri bu günlərdə Rişon le-Sion şəhərində “Beythaam” salonunda baş tutub . Aktrisanın istedadının pərəstişkarları, o cümlədən ona əziz və yaxın olan bir çox insan onun benefisinə toplaşıb.
Rus Dram Teatrının priması yubiley gecəsində çıxış edərək bildirib ki, bu gün onun ürəyi üç qüvvətli hisslə - xatirələrin oyatdığı həsrət, təşəkkür və dostluq hissələri ilə dolub-daşır. Aktrisanın sovet, Bakı və İsrail gerçəkliklərini əks etdirən şəxsi və peşə təəssüratlarından yoğrulmuş parlaq və emosional çıxışı sayəsində gecədə lirikaya köklənmiş yaradıcılıq və mədəni birlik ab-havası hökm sürüb. Qonaqlar Dina Tumarkinanın özünün etiraf etdiyi kimi, debütü və böyük yaradıcılıq yolunun başlanğıcı olmuş knyaginya Volkonskayanın monoloqunu onun ifasında həyəcanla dinləyiblər. Dina İosifovna digər rollarından da monoloqlar oxumaqla bərabər, ömrünün 35 ilini həsr etdiyi teatrda işlədiyi dövrdə tanıdığı və ünsiyyət saxladığı sənətkarlardan söz açıb.
Peşəkar estrada müğənnisi Maksim Levinski, rejissor və bard David Altmanın ifasında musiqi sovqatı həm yubilyarın, həm də tamaşaçıların zövqünü oxşayıb.
Gecəni uzun illər yubilyarla dostluq edən radiojurnalist Tatyana Barskaya aparıb. O, elə ilk sözləri ilə salonda qeyri-adi səmimi ovqat yaradaraq, dünyanın hər yerindən dostlarının və pərəstişkarlarının Dina Tumarkinaya ünvanladıqları saysız-hesabsız təbrik məktublarını bütün gecə ərzində oxuya-oxuya bu xoş ab-havanı qoruyub saxlaya bilib.
İsrailin absorbsiya naziri Sofa Landverin köməkçisi Yelena Jarovskaya nazirin təbrik məktubunu oxuyub. Sonra hamının sevimlisi Dina Tumarkinanın saysız–hesabsız dostları, o cümlədən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman, “Qələm və fırça ilə” birliyinin sədri Frida Yusifova, “Azİz”in Qüds bölməsinin rəhbəri Aleksandr Aqranovski, “Qızıl qələm” mükafatı laureatı, jurnalist Saveli Perets və başqaları onu şəxsən təbrik etmək üçün növbəyə düzülüblər.
azertag.az