Hindistan səfiri Bilik Fondunda olub
30.8.2017

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.
Fondun İnformasiya təminatı sektorundan verilən məlumata görə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov səfirə rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri, strukturu, iş prinsipi və maarifçilik istiqamətində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.
Azərbaycanla Hindistan arasında qarşılıqlı əlaqələrin inkişaf etdiyini xatırladan O.Səmədov siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. Direktor səfiri Fondun “Səfir saatı” Klubunda gənc diplomatlarla görüşə dəvət edib.
Səfir Sanjay Rana xalqlarımız arasında qədim tarixi əlaqələr və ortaq ənənələrə əsaslanan yaxın dostluq münasibətlərinin olduğunu bildirərək Bakı ətrafında yerləşən "Atəşgah” od məbədinin bu tarixi dostluq münasibətlərinə yaxşı bir misal olduğunu diqqətə çatdırıb. Fondun “Səfir saatı” Klubunun dəvətini məmnuniyyətlə qəbul etdiyini bildirən səfir bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu da vurğulayıb.


report.az