Bu ay ərzində “Ukrtransnafta” Kremençuq Neft Emalı Zavodunda (NEZ) saxlanılan 37 min ton həcmindəki “Azeri Light” markalı neftin hamısını satışa çıxarmağı planlaşdırır.
Bu barədə “Enkorr” saytına “Ukrtransnafta” şirkətinin baş direktorunun I müavini Andrey Pasişnik bildirib.
“Hazırda Kremençuq zavodunda 37 min ton “Azeri Light” markalı əmtəə nefti saxlanılır. Səhmdarların yığıncağında alınan qərara əsasən bu həcmi satmalıyıq. Bütün həcmin sentyabr ayı ərzində satışa çıxarılması nəzərdə tutulur. Buna görə də hər həftə 12 min, 12 min, 13 min ton olmaqla bütün həcmi birjaya çıxarmağı planlaşdırırıq”, - o qeyd edib.
Məlumata görə, sentyabrın 5-i üçün nəzərdə tutulan ticarət bülletenində qeyd edilib ki, “Ukrtransnafta” Ukrayna Energetika Birjasında “Azeri Light” markalı 12 min ton nefti satışa çıxarıb. Hərracın əvvəlki kimi diferensial rejimdə keçirilməsi gözlənilir. Həcm 2 min və 10 min ton olmaqla iki lota bölünüb. Azərbaycan nefti Kaqamlık dəmiryolu stansiyasında (Kremençuq Neft Emalı Zavodu) FCA (Free Carrier) şərtləri ilə satılır. Resurs sentyabrın 14-dən oktyabrın 14-dək daşınacaq.
Qeyd edək ki, “Ukrtransnafta” şirkəti Ukraynada neft nəqliyyat sisteminin operatorudur.
report.az