Parisdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək
6.9.2017

Sentyabrın 19-da Azərbaycanın klassik musiqi ifaçısı, pianoçu Səidə Zülfüqarovanın Parisin 4-cü rayonunun Paul Rey Teatrında yeni mövsümdə ilk konserti olacaq.

Konsertin proqramına L. Betxovenin “Appassionata” sonatası, Qara Qarayevin “İldırımlı Yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, Cövdət Hacıyevin balladası, F.Şopenin 3-cü balladası, Fazil Sayın “Qara torpaq” əsəri daxildir.

Qeyd edək ki, Səidə Zülfüqarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi və konsertmeyster ixtisasına yiyələnib. Bir çox milli müsabiqələrin qalibi olan S.Zülfüqarova Parisin Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil və magistr dərəcəsi alıb. Onun diplom işi Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına həsr olunub.

2012-ci ildə piano müəllimi dövlət diplomunu alan S.Zülfüqarova Sorbon Universitetində xorda akompanyatris, İl de Fransın Bayi Romanvilye musiqi məktəbində və Provans vilayətinin Pauline Viardot Konservatoriyasında müəllim işləyib. Yuxarı Sena departamentinin Qarş bələdiyyəsi Konservatoriyasının piano müəllimi Səidə Zülfüqarova Fransanın Dövlət Diplomuna layiq görülüb.

azertag.az