Azərbaycan Dünya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin 27-ci beynəlxalq konfransında təmsil olunub
7.9.2017

Qazaxıstanın paytaxtı Astana şəhərində Dünya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin 27-ci beynəlxalq konfransı keçirilib.

Bir sıra ölkələrin qabaqcıl mütəxəssislərinin iştirak etdiyi konfransda ürək-damar cərrahiyyəsinin aktual problemləri müzakirə olunub, mütəxəssislər arasında təcrübə mübadiləsi aparılıb.

Ölkəmizi tədbirdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev təmsil edib. Konfransda "Aortal qapağın təmiri - Bakı təcrübəsi" (Isolated aortic valve repair- Baku experience) mövzusunda çıxış edən K.Musayev bu günə qədər ölkəmizdə həyata keçirilən qapaq əməliyyatlarında əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib.

Azərbaycanlı doktorun bu əməliyyatların standartlaşdırılması üçün irəli sürdüyü təkliflər konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Xüsusilə ABŞ, Rusiya, Çin, İsveçrə və Türkiyədən olan mütəxəssislər mühazirəni yüksək qiymətləndirərək ölkəmizdə dünya standartlarında həyata keçirilən ürək əməliyyatlarının səviyyəsindən məmnun olduqlarını bildiriblər.

Konfrans zamanı Qazaxıstan mediasına açıqlama verən K.Musayev bu günə qədər ölkəmizdə həyata keçirilən ürək-damar əməliyyatları, ürək cərrahiyyəsində əldə edilən nailiyyətlərdən də danışıb.

trend.az