Azərbaycan Dövlət Musiqili Teatrı 108-ci mövsümün ilk dörd ayı üçün repertuar planını açıqlayıb.
Qurumun mətbuat xidmətindən bildirilib ki, bədii şuranın iclasında 2017-ci ilin sonuna qədər olan müddət - sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün repertuar və iş planı müzakirə edilərək təsdiq olunub. Nəzərdə tutulan müddət ərzində teatrın repertuarında olan 30-a yaxın tamaşa təqribən 70 dəfə nümayiş etdiriləcək. Qarşıdakı dörd ay ərzində “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Baladadaşın toy hamamı”, “Mənim günahım”, “Molla Nəsrəddinin beş arvadı”, “Amerikalı kürəkən”, “Bankir adaxlı”, “999-cu gecə”, “Toya bir gün qalmış”, “Kimdir müqəssir?”, “Qısqanc ürəklər”, “Qızıl toy”, “www-ferzeli-kef.com”, “Mən dəyərəm min cavana”, “Talelər qovuşanda” və başqa tamaşalar nümayiş olunacaq. Habelə “Qafqazlı qardaşqızı”, “Silva”, “Fransızsayağı qarnir”, “Skapenin kələkləri”, “Düyməcik”, “Yağış göbələyinin macərası”, “Qızıl cücə”, “Meşə çaqqalsız olmaz”, “Dəcəl çəpişlər”, “Bremen musiqiçiləri və Pen”, “Qırmızıpapaq” və başqa səhnə əsərləri rus dilli və balaca tamaşaçılar üçün təqdim olunacaq. Bu müddət ərzində Musiqili Teatrın tamaşaçıları sevimli artistlərinin ifalarını izləyə biləcəklər.
Oktyabr ayında Əməkdar Artist Əkbər Əlizadə, noyabrda Xalq Artisti Fatma Mahmudova və sevilən aktrisa Ülviyyə Əliyeva, dekabrda isə Əməkdar artistlər Çingiz Əhmədov, Nahidə Orucova və Əzizağa Əzizov Musiqili Teatrın “3 gün sizinlə” layihəsi çərçivəsində tamaşaçıların görüşünə gələcəklər.
Habelə bu müddət ərzində İ.Kalmanın 135, F.Əmirovun 95, O.Kaziminin 85, B.Qrafkin, E.Sabitoğlu və Z.Quliyevanın 80, L.Vinoqradovanın 70 illik yubileyləri qeyd olunacaq.
2018-ci ilin gəlişi münasibəti ilə dekabrın 29-da Yeni il şənliklərinə start veriləcək.
Qeyd edək ki, cari ilin sonuna qədər bir neçə premyeranın keçirilməsi də nəzərdə tutulur.
azertag.az