Sentyabrın 11-də Bakı Fond Birjasının (BFB) təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların rəsm əsərlərindən ibarət sərgi açılıb.
BFB-dən bildiriblər ki, nümayiş olunan əsərlərin maksimum sayda insanlara çatdırılması və sərginin auditoriyasının genişləndirilməsi məqsədilə növbəti sərgi virtual təşkil edilib.
Sərginin keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, onların gələcək fəaliyyətlərinin motivasiyası, eləcə də ölkəmizdə gənc istedadların üzə çıxarılmasından ibarətdir.
Bu məqsədlə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində sərginin təqdimatı təşkil edilib. Tədbirdə çıxış edən BFB-nin İdarə Heyətinin sədri Vüqar Namazov xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadlarının üzə çıxarılması, onların məşğul olduqları sənətə qarşı bağlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlərin xüsusi önəm daşıdığını vurğulayıb.
Sonda ehtiyacı olan uşaqlara yeni tədris ili ilə əlaqədar olaraq məktəbli ləvazimatları hədiyyə olunub.
Virtual sərgidə nümayiş olunan rəsm əsərləri və eləcə də onların müəllifləri barədə ətraflı məlumat BFB-nin internet saytının http://bfb.az/sergi bölməsində yerləşdirilib.
Qeyd edək ki, BFB-nin sosial məsuliyyətlilik proqramı çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət ilk sərgi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu ilin iyun ayında keçirilib.
azertag.az