Musiqili Teatr Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında
13.9.2017

Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 26-dək keçiriləcək Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı maraqlı tədbirlərlə zəngin olacaq. Azərbaycan Dövlət Musiqili Teatrı həmişəki kimi bu il də festivalda iştirak edəcək.

Qurumun mətbuat xidmətindən bildirilib ki, Musiqili Teatr festivalda dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşalarını nümayiş etdirəcək.

“Üzeyir Hacıbəyli Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biridir. Belə şəxsiyyətlər yüz ildən, min ildən bir dünyaya gəlir. Böyük novator olan Üzeyir bəyin gördüyü bir sıra işlər təkcə xalqımızın deyil, ümumiyyətlə, Yaxın Şərqin tarixində bir ilkdir. Elə bizim teatrın əsası da cəhalətin və xurafatın daha çox hökmran olduğu 1910-cu ildə Üzeyir bəyin “Ər və arvad” ikihissəli musiqili komediyası ilə qoyulub. Hazırda repertuarımızda Üzeyir bəyin üç əsəri yer alır. Hər tamaşada zal, demək olar, dolu olur. Bu, ilk növbədə xalqımızın Üzeyir Hacıbəylinin əbədiyaşar irsinə verdiyi qiymətin göstəricisidir. Kollektivimiz Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına xüsusi hazırlaşıb. Festival tədbirləri çərçivəsində təqdim edəcəyimiz “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşalarını İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs idarə edəcək. Bu məşhur sənətçi məhz festivalda iştirakımızla bağlı dəvət olunub. Hazırda Bakıda olan Bərdia Kiyarəsin teatrımızda orkestr və aktyor heyəti ilə məşqləri davam edir”, - deyə Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev söyləyib.

Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşası sentyabrın 23-də, “Arşın mal alan” isə 24-də Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.

azertag.az