Səfir: "Bir çox dövlətlər Azərbaycan-Türkiyə münasibətlərinə heyranlıqla baxırlar"
13.9.2017

Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakını işğaldan azad etməsinin 99-cu ildönümünə həsr olunan "Bir millət iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir" mövzusunda tədbir keçirilib.
Tədbiri "Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyi təşkil edib.
Birliyin sədri Emin Həsənli Azərbaycanın həmin dövrə aid tarixindən danışıb, Osmanlı imperiyasının Bakını erməni daşnaklarından azad edilməsindən söz açıb. O qeyd edib ki, Bakıda və Azərbaycanın bir çox şəhərlərində türk şəhidlərinin xatirəsinə abidələr ucaldılıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, 1918-ci il sentyabrın 15-də yaşananlar tarixin vacib bir dönəmi olub. O xatırladıb ki, həmin ilin may ayından Gəncədən Bakıya olan yürüş öz hədəfinə çatıb: "Bu hədəf təkcə torpaqların işğaldan azad edilməsi deyil, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini nəzərdə tuturdu. Buna görə də Qafqaz ordusunun etdikləri bütüm türk dünyası üçün önəm daşıyır".
Azərbaycanla Türkiyənin əlaqələrindən danışan diplomat vurğulayıb ki, dünyada bu əlaqələrin analoqu mövcud deyil: "Bir çox dövlətlər bu münasibətlərə heyranlıqla yanaşırlar. Bu səbəbsiz deyil. Bu gün iki ölkə arasında əlaqələri ən yüksək səviyyədə saxlamağa kömək edən əsas amil ruhumuzdur. Biz tarixi, soyu, mədəniyyəti bir olan xalqıq. Bu gün də biz bir millət iki dövlətik. Hər zaman dediyim kimi, Azərbaycanın gücü Türkiyənin gücü, Tükiyənin də gücü Azərbaycanın gücüdür. Bu, 1918-ci ildə necə idisə, elə min ildən sonra da elə olacaq".
Səfir deyib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən bu günə qədər böyük bir yol qət edib: "Bu gün Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Ərzurum, Bakı -Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi nəhəng layihələri birlikdə reallaşdırırlar. Bu günü görməyə bizə nəsib edən şəhidlərimizi rəhmətlə və şükranlıqla yad edirəm".
Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları çıxış ediblər.

report.az