“YARAT”da yeni rəqs növünün ustad dərslərinə başlanılıb
19.9.2017

“YARAT” Müasir Incəsənət Mərkəzində “DanceAbility Azerbaijan” şirkətinin təşkilatçılığı ilə “DanceAbility – inklüziv rəqs” ustad dərslərinə başlanılıb.

Mərkəzdən bildirilib ki, dərslər tanınmış rəqs pedaqoqu Nigar Sultanova tərəfindən aparılır. Peşəkar və həvəskar rəqqaslar, autizm və daun sindromlu, nitq, görmə və eşitmə məhdudiyyətli, eləcə də serebral iflicli şəxslər, fiziki və əqli fərqliliklərdə olan insanlar, habelə öz bədənini kəşf etməyə və ünsiyyət üçün müxtəlif vasitələrlə tanış olmağa maraqlı olan hər kəs bu dərslərə qatıla bilər. Sentyabrın 30-dək davam edəcək dərslər iştirakçıların birgə yekun performansı ilə başa çatacaq.

“DanceAbility” istər peşəkar, istər daha az təcrübəli rəqqaslar, o cümlədən sağlamlıq məhdudiyyəti olan və olmayan hər kəsə açıq özünəməxsus rəqs metodologiyasıdır. Bu metodologiya 1987-ci ildə ABŞ-da, Alito Alessi və Karen Nelson tərəfindən tərtib edilib. Alito Alessi son 30 il ərzində dünyanın hər yerindən dərslərinə qatılan fərqli bacarıqlarda iştirakçılarla iş prosesindən bəhrələnib. Hazırda DanceAbility rəsmi olaraq Azərbaycanla yanaşı, Avstriya, Finlandiya, Meksika və Uruqvayda fəaliyyət göstərir. “DanceAbility” intuisiya, yaradıcı proses, dinləmə və ünsiyyəti inkişaf etdirməyə kömək edir.

azertag.az