Azərbaycanlı rejissor, aktyor, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü Rüfət Əsədovun "Kənddə sonuncu yəhudi" sənədli filmi Böyük Britaniyanın Romford film festivalı çərçivəsində 2017-ci ilin ən yaxşı filmləri siyahısına seçilib.
Film 6-9 oktyabr tarixlərində Londonda baş tutacaq festivalda nümayiş etdiriləcək və festivalın "Rommy" mükafatı uğrunda mübarizə aparacaq. Film ailəsi, qohumları İsrailə köçsə də doğulduğu kəndi tərk etməyib Azərbaycanda qalmağı seçən 83 yaşlı Meir Manaşirovdan bəhs edir.
Böyük Britaniyanın tanınmış aktyorları Vinston Ellis, Kassandra Frenç, Samüel Anderson Romford film festivalın jüriləri sırasındadırlar.
Qeyd edək ki, Rüfət Əsədovun "Kənddə sonuncu yəhudi" sənədli filmi İsrailin Afula şəhərində keçirilmiş "Near Nazaret" film festivalında nümayiş olunaraq, festivalın iki diplomuna layiq görülüb. Diplomun biri xalqlar arasında anlaşma və dostluğun möhkəmlənməsinə görə verilib.
report.az