Sentyabrın 28-29-da Tbilisidə üçüncü İpək Yolu Beynəlxalq Forumu keçiriləcək
25.9.2017

Sentyabrın 28-29-da Tbilisidə İpək Yolu Beynəlxalq Forumu keçiriləcək.
Bu ölkənin Sənaye-Ticarət Palatasına istinadla xəbər verilir ki, sayca üçüncü olacaq forumda Azərbaycan rəsmi nümayəndə heyəti ilə təmsil olunacaq.
Palatadan bildiriblər ki, forumda ticarətin asanlaşdırılması, elektron kommersiyanın inkişafı, rəqəmsal rabitə, nəqliyyat infrastrukturu, enerji sektorunun inkişafı və modernləşdirilməsi və s aktual məsələlər müzakirə olunacaq.
Təbirin birinci günü, rəsmi açılışdan sonra forum işini panel iclaslarda davam etdirəcək. İkinci gün - sentyabrın 29-da isə Gürcüstanın investisiya imkanları, potensial investorların cəlb olunması məsələləri müzakirə olunacaq, ikitərəfli görüşlər keçiriləcək.
Bildirilib ki, 2015-ci ildə keçirilən birinci forumda 34 ölkədən rəsmi dövlət və hökumət nümayəndə heyəti və 50 ölkədən iş adamları, 2016-cı ildə keçirilən ikinci forumda 30 ölkənin, eləcə də 20 beynəlxalq maliyyə və donor təşkilatının yüksək vəzifəli şəxsləri də daxil olmaqla 1000-ə yaxın qonaq iştirak edib.
Üçüncü forumda isə 1000-dən çox nümayəndənin iştirakı gözlənilir.

report.az