Haydi Smit: ABŞ Azərbaycanda mədəniyyət və təhsil proqramlarını hər zaman dəstəkləyir
28.9.2017

Sentyabrın 27-də ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə yeni təyin olunmuş müşaviri Haydi Smit ölkəmizdə fəaliyyət göstərən KİV nümayəndələri ilə görüşüb.

Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzində keçirilən görüşdə səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Karolin Savac yeni müşaviri təqdim edib. Bildirib ki, xanım Smit əvvəllər Latın Amerikasında, həmçinin Vaşinqtonda İctimai Əlaqələr Bürosunda Ukrayna məsələləri şöbəsində çalışıb və zəngin təcrübəyə malikdir.

Daha sonra H.Smit çıxış edərək Azərbaycanda olduğu qısa müddət ərzində şəhər sakinlərinin xoş münasibətindən valeh olduğunu və növbəti iki ildə burada çalışacağından məmnunluq hissi keçirdiyini söyləyib: “ABŞ Azərbaycanda mədəniyyət, təhsil, tələbə mübadiləsi və ingilis dilinin tədrisi sahəsində proqramları hər zaman dəstəkləyir. Dövlət Dillər Universiteti ilə birgə layihəmiz olan Bakı Amerika Mərkəzi bir növ təhsil ocağına çevrilib. ABŞ Azərbaycanın müxtəlif bölgələrində - Kürdəmir, Gəncə və Xaçmazda Amerika mərkəzləri açıb. Növbəti mərkəz bu yaxınlarda Salyanda açılacaq. Bizim tərəfdaşlıq şəklində həyata keçirdiyimiz bütün proqramların bir məqsədi var – o da iki ölkə arasında əlaqələrin inkişafına xidmət etməkdir”.

azertag.az