Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi üzrə elektron sınaq imtahanı keçiriləcək
29.9.2017

Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.
DİM-dən verilən məlumata görə, “Elektron sınaq imtahanında iştirak etmək üçün online qeydiyyat” 29 sentyabr saat 10:00–dan 3 oktyabr saat 18:00–dək davam edəcək.
Elektron sınaq imtahanı oktyabrın 5-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universiteti) keçiriləcək və saat 10:00-da başlayacaq.
Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

report.az