Hər il oktyabr ayının ilk bazar ertəsi bütün dünyada Beynəlxalq Həkim Günü kimi qeyd edilir (International Doctor’s Day). Bu günün mahiyyəti dünya həkimlərinin həmrəyliyidir.
Bu gün Dünya Səhiyyə Təşkilatı (DST) və “Sərhədsiz həkimlər” Beynəlxalq tibbi humanitar təşkilatının təşəbbüsü ilə təsis edilib. Məhz müstəqil, qeyri-hökumət təşkilatı olan “Sərhədsiz həkimlər” bu günün əsas məsələlərini reallaşdırır. Belə ki, təşkilatın əməkdaşları milli və dini mənsubiyyətlərindən asılı olmayaraq təbii fəlakət, müxtəlif epidemiyalar, sosial və hərbi münaqişələrdən əziyyət çəkmiş insanlara kömək edirlər. Hər il təşkilatın təxminən minə yaxın həkimi fövqəladə hallarla üzləşən insanlara kömək edirlər. Eləcə də qurumun könüllüləri QİCS və narkomaniya əleyhinə profilaktik və maarifləndirici tədbirlər aparırlar.
Həkimlik dünyanın ən qədim peşələrindən biridir. Yarandığı gündən hörmət və qiymət verilən peşədir. Bu sənətə yiyələnənlərin hamısını birləşdirən latın dilidir. Hazırda bu sahədə fəaliyyət göstərənlər bütün dövrlərin həkimlərinin bilik və bacarıqlarından əldə olunmuş nailiyyətlərə arxalanırlar. Bu səbəbdən həkimlik çox çətin və məsuliyyətli peşədir. Belə ki, hər bir şeydən əziz olan insan ömrü həkimlərin əlindədir.
azertag.az