Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Qadınlarda çanaq dibi pozulmalarının diaqnostika və müalicəsi: yeni məqamlar” mövzusunda konfrans keçirilib.
Universitetin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə ATU-nun II mamalıq-ginekologiya kafedrasının müdiri, professor Hicran Bağırova, Misir Ərəb Respublikasının Ayn-Şəms Universitetinin mamalıq-ginekologiya kafedrasının professoru Diaa Rizk iştirak ediblər.
Konfransda çıxış edən H.Bağırova bildirib ki, belə konfranslar həkimlərin bu sahədə fikir mübadiləsi aparmasında böyük rol oynayır. O, tədbirdə müzakirə olunan məsələlərin qadın problemlərinin həlli istiqamətində öz töhfəsini verəcəyini qeyd edib.
Bu sahədə çalışan dünya həkimlərinin bir araya gəlməsini yüksək qiymətləndirən D.Rizk Azərbaycanda olmağından məmnunluğunu bildirib.
Professor deyib: “Tədris Cərrahiyyə Klinikasının işi ilə tanış oldum və Azərbaycanda tibb sahəsinin son illərdə çox inkişaf etdiyini gördüm. Mamalıq-ginekologiya sahəsində böyük irəliləmələr var. Klinika müasir tibbi avadanlıqlarla təchiz edilib və xəstələrin düzgün müayinə və müalicəsi üçün hər bir şərait yaradılıb”.
Konfransda ginekologiya ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Sonra “Doğumla bağlı çanaq dibi disfunksiyalarının patogenezi”, “Doğumdan sonra yaranan perineal və anal sfinkterin travmalarının cərrahi müalicəsi”, “Azərbaycanda sallanma və sidik saxlamamazlığının epidermiologiyası və risk faktorları”, “Sallanma və sidik saxlamamazlığı olan qadınların həyat keyfiyyəti”, “Sallanma və sidik saxlamamazlığı vizual”, “Sallanma və sidik saxlamamazlığı urodinamikası”, “POP-Q klassifikasiya və terminologiya”, “Apikal prolapsın cərrahi müalicəsi”, “Cərrahi torlar-yeni texnologiya”, “Uşaqlıq yolunda qoyulan torlar-sübutlu əsaslar” mövzularında mühazirələr dinlənilib.
azertag.az