Oktyabrın 3-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində görkəmli heykəltəraş, Xalq Rəssamı, Dövlət mükafatı laureatı Tokay Məmmədovun 90 illik yubileyinə həsr olunmuş sərgi açılıb.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli sənətkarın yaradıcılığından söz açıb. Bildirib ki, Xalq Rəssamının sənətə gəlməsində, şəxsiyyət kimi formalaşmasında anası, Azərbaycanın ilk qadın heykəltəraşı Zivər Məmmədovanın böyük rolu olub. Qeyd edib ki, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirdikdən sonra T.Məmmədov Leninqrada (indiki Sankt-Peterburq) gedərək İ.Repin adına Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinə qəbul olunub. Ali təhsilini başa vuran T.Məmmədov Leninqradda heykəltəraş kimi fəaliyyət göstərib və orada Rəssamlar İttifaqına üzv seçilib. Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib. 1970-1972-ci illərdə Azərbaycan Rəssamlıq İttifaqının sədri vəzifəsində çalışıb.
Vurğulanıb ki, T.Məmmədov bir çox şairlərin, alimlərin, sadə əmək adamlarının, dövlət xadimlərinin və öz sənət dostlarının büst portretlərini ustalıqla yaradıb. 1953-cü ildə ilk dəfə ağacdan dahi Nizami Gəncəvinin təsvirini yonub. Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə T.Məmmədov istifadə edib. Onun yaratdığı ağac portretlərdə yüksək psixoloji keyfiyyətləri göstərə bilməsi diqqəti cəlb edir. Bu qəbildən onun “Səməd Vurğun”, “Xalq Rəssamı Qəzənfər Xalıqov”, “Nəriman Nərimanov”, uzunömürlü azərbaycanlı “Şirəli Müslümov” və başqa əsərlərini qeyd etmək olar.
Diqqətə çatdırılıb ki, heykəltəraş T.Məmmədovun yaratdığı portretlər qalereyasında, həmçinin mərmər, tunc, gips materiallardan hazırlanmış əsərlər var ki, sənətkar onlarda xarici görünüşlə daxili psixoloji keyfiyyətləri vəhdətdə verməyə nail olub. Bu baxımdan “Üzeyir Hacıbəyli”, “Rüstəm Mustafayev”, “Vəcihə Səmədova”, “Süleyman Rəhimov”, “F.Şopen”, “V.A.Motsart” və “Koroğlu”nun büst portretlərini qeyd etmək olar.
Görkəmli sənətkarın çoxcildlik bədii yaradıcılıq və pedaqoji fəaliyyəti daim dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Şöhrət”, “Şərəf” ordenləri, eləcə də Prezident İlham Əliyevin bu ilin iyulun 17-də imzalandığı Sərəncamla “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Sonra Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov sənətkarın yaradıcılığı haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, heykəltəraşın yaradıcılığı monumental əsərlərlə zəngindir. Hazırda 90 yaşlı sənətkar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında gənc heykəltəraşların yetişməsinə böyük əmək sərf edir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq Rəssamı Fuad Salayev sənətkarın ömür yolundan, yaratdığı dəyərli sənət incilərindən söz açıb.
Vurğulanıb ki, sənətkarın 90 illik yubileyi silsilə tədbirlərlə qeyd olunur.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Sərgi oktyabrın 7-dək davam edəcək.
azertag.az