Mərakeşin paytaxtı Rabatda ISESKO-nun İcraiyyə Şurasının 38-ci sessiyası keçirilir. Sessiyada ölkəmizi Azərbaycan Respublikasının ISESKO üzrə Milli Komissiyasının baş katibi, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir.
Nazirlikdən bildirilib ki, açılış mərasimində ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl Tüveycri çıxış edərək son bir ildə təşkilat tərəfindən həyata keçirilən layihələr, müsəlman ölkələri arasında əməkdaşlıq, islamofobia və terrorizmə qarşı mübarizə fəaliyyətinin vacibliyini qeyd edib. O, müsəlman ölkələrinə qarşı ədalətsizliyi vurğulayaraq Azərbaycan torpaqlarının işğal altında olduğunu, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini, bu kimi digər münaqişələrin həll edilməsinin zəruriliyini bəyan edib.
Daha sonra işçi iclaslara başlanılıb. Sessiyada ISESCO-nun 2019-2027-ci illər üçün strateji planı, 2019-2021-ci illər üçün fəaliyyət planı və təşkilatın 2016-2017-ci illər üzrə hesabatının müzakirəsi nəzərdə tutulur.
Sessiyanın açılış mərasimində Azərbaycanın Mərakeşdəki səfiri, ölkəmizin ISESKO yanında daimi nümayəndəsi Tarik Əliyev də iştirak edib.
azertag.az