Azərbaycana pambıq istehsalı üçün 5661 texnika gətiriləcək.
Bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.
Qeyd olunur ki, respublikada pambıq istehsalı ilə məşğul olan "MKT İK" MMC, "CTS-Agro" MMC, "Şamo" MMC və digər şirkətlərin 2017-ci il üçün sifarişləri əsasında texnikaya tələbat müəyyən edilib, ümumi dəyəri 101 milyon 415 min 50 ABŞ dolları və 14 milyon 200 min avro məbləğində olan 5602 ədəd kənd təsərrüfatı texnikasının, o cümlədən 150 ədəd pambıqyığan kombaynın, 1270 ədəd müxtəlif markalı şum və becərmə traktorlarının, 4182 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikasının gətirilməsi nəzərdə tutulub.
Eyni zamanda 2016-cı ilin satınalma müqaviləsindən 17 milyon 580 min ABŞ dolları dəyərində gətirilməyən 59 ədəd "JD 9970" markalı pambıqyığan kombaynın 2017-ci ildə gətirilməsi nəzərdə tutulur.
Hesabatda bildirilir ki, 2017-ci il 1 iyul tarixinə kimi respublikaya 3856 ədəd texnika, o cümlədən 600 ədəd "Belarus 80X" markalı cərgəarası becərmə traktoru, 151 ədəd "Belarus 1221" traktoru, 74 ədəd yüksək klirensli "Powerfarm 110" traktoru, 20 yüksək klirensli "New Holland TD 95" traktoru, 389 ədəd pnevmatik çiyidsəpən, 225 ədəd mexaniki çiyidsəpən, 320 ədəd kotan, 166 ədəd ağır diskli mala, 125 ədəd rotasion mala, 597 ədəd cərgəarası becərən kultivator, 264 ədəd çiləyici,120 ədəd kanal açan, 608 ədəd traktor qoşqusu, 104 ədəd çöp döğrayan və 93 ədəd su çəni gətirilib.
Texnikanın respublikaya gətirilməsi ciddi nəzarətdə saxlanılır və hazırda gətirilməsi davam etdirilir.
trend.az