Ana və uşaq sağlamlığı dövlətin prioritet sahələrindən biridir
6.10.2017

Oktyabrın 5-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında ana südü ilə qidalandırma həftəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirin məqsədi Səhiyyə Nazirliyi və UNICEF-in təşəbbüsü ilə keçirilən ana südü ilə qidalandırma həftəsi ilə bağlı məlumat vermək, əhali arasında bu mövzuda maarifləndirməni gücləndirməkdir.

Tədbirdə çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, pediatr Rauf Bəylərov qeyd edib ki, ana və uşaq sağlamlığı dövlətin əsas prioritet sahələrindən biridir. Bu cür maarifləndirici aksiyaların təşkili də dövlət səviyyəsində aparılan siyasəti tərkib hissəsidir. Prorektor ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı çərçivəsində bir çox layihələrin də tətbiq olunduğunu bildirib.

Digər çıxış edənlər bildiriblər ki, ana südü ilə qidalanmanın uşaqla yanaşı, ana sağlamlığı üçün də böyük əhəmiyyəti var. Çünki bu cür uşaqların immuniteti daha möhkəm olur, onlar xəstələnəndə tez sağalır. Belə körpələr arasında ölüm hallarına az təsadüf edilir. Ana südü vaxtından qabaq doğulmuş uşaqlarda immuniteti gücləndirmək üçün gözəl vasitədir. Çünki adətən belə körpələr müxtəlif infeksiyalara qarşı daha davamsız olurlar. Müxtəlif immun faktorları ilə zəngin olan ana südü isə bu məsələdə əvəzsiz kömək edə bilər. Bundan əlavə ana südü də sarılıqla mübarizədə böyük kömək edir. Bundan əlavə qeyd edilib ki, ana südü ilə qidalanmanın əsas amillərindən biri də psixoloji faktordur. Qadınlar əvvəldən körpəsini ancaq ana südü ilə qidalandırmağa hazır olmalı, bu prosesin daha rahat keçməsinə hazırlaşmalıdırlar. Hər ana bilməlidir ki, körpəni altı ayına qədər yalnız ana südü ilə qidalandırmaq lazımdır.

azertag.az