Görkəmli opera müğənnisi Şövkət Məmmədovanın xatirəsi anılıb
9.10.2017

Oktyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ilk qadın opera müğənnisi, Xalq Artisti, professor Şövkət Məmmədovanın 120 illiyinə həsr olunan konsert proqramı təqdim edilib.

Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbir Prezident İlham Əliyevin “Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında” Sərəncamına əsasən gerçəkləşib.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək görkəmli ifaçının həyat və yaradıcılığından danışıb. Ş.Məmmədovanın milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs edən nazir müavini onu sənətinə sadiq müğənni kimi səciyyələndirib. Ə.Vəliyev deyib ki, Xalq Artistinin həyatının keşməkeşli olmasına baxmayaraq o, hər zaman yaradıcılıq axtarışında olub, sənəti üçün əlindən gələni edib. Onun zəhməti aidiyyəti qurumlar tərəfindən yüksək qiymətləndirilib.

Unudulmaz sənətkarın insani keyfiyyətlərindən söz açan nazir müavini onun pedaqoji fəaliyyətindən də danışıb.

Sonra Ş.Məmmədovanın Azərbaycan opera sənəti tarixindəki xidmətləri, habelə ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə səmərəli fəaliyyəti haqqında məlumat verilib.

Tədbir Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

azertag.az