“Park Bulvar”da gender bərabərliyinə həsr olunan fotosərgi açılıb
9.10.2017

BMT Baş Assambleyasının qərarı ilə hər il oktyabrın 11-də Beynəlxalq Qızlar Günü qeyd edilir. Onun təsis olunması qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, paytaxtdakı “Park Bulvar” Ticarət Mərkəzində xoşbəxt ata və qızların obrazını nümayiş etdirən, qız övladlarına doğma və mehriban münasibəti, onların dəyərini təbliğ edən fotosərgi həmin günə həsr edilib.

Doğulanlar arasında cins nisbətinin aradan qaldırılması üçün maarifləndirmə məqsədi daşıyan tədbiri giriş sözü ilə açan BMT-nin Əhali Fondunun ölkəmizdəki nümayəndəliyinin baş müşaviri Fərid Babayev doğulanlar arasında cins nisbətinin aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə danışıb, BMT-nin Əhali Fondunun bu sahədə hər cür kömək göstərməyə hazır olduğunu söyləyib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək Prezident İlham Əliyevin apardığı ölkəmizin sosial-iqtisadi inkişafına yönələn siyasətinin uğurlarından biri kimi, müsbət demoqrafik vəziyyət və əhalinin sabit artım tempinin mövcudluğunu diqqətə çatdırıb. Qeyd olunub ki, doğulanların cins strukturunda oğlan uşaqlarının qız uşaqlarına nisbətən nəzərəçarpan artımı, cins nisbətinin pozulması müşahidə edilir: “Doğulanlar arasında cins nisbətinin pozulması gələcəkdə davamlı demoqrafik inkişafa mənfi təsir göstərə bilər. Cins nisbətinin pozulmasının aradan qaldırılmasında ilk növbədə ictimai maarifləndirmə xüsusi əhəmiyyət kəsb edir. Ona görə də Avropa İttifaqının və Niderland Krallığının Azərbaycandakı səfirliyinin dəstəyi ilə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT Əhali Fondu tərəfindən birgə icra edilən iki layihə çərçivəsində Bakıda və ölkəmizin regionlarında cins nisbətinin pozulmasının aradan qaldırılmasına yönələn müxtəlif formalarda kütləvi maarifləndirmə tədbirləri aparılır. Eləcə də müvafiq mövzuda ümumi məlumat xarakterli bukletlər və infoqrafika hazırlanıb, 20 rayonda bilbordlar yerləşdirilib. Həmçinin qeyd olunan layihələr çərçivəsində Beynəlxalq Qızlar Günü ilə əlaqədar həmin mövzuya dair maarifləndirmə tədbirlərinin təşkili nəzərdə tutulub. Nümayiş olunan fotosərgi də həmin tədbirlərdən biridir”.

Nazir aparılan kütləvi maarifləndirmə işlərinin müsbət nəticəsi olaraq doğulan qız və oğlan uşaqları arasında say fərqinin tədricən azalmaqda olduğunu qeyd edib: “Hazırda Azərbaycanda gender bərabərliyinin təmin olunması sahəsində fəal dövlət siyasəti aparılır. Bütün sahələrdə olduğu kimi, əmək bazarında da qadınların rolu getdikcə artır və onlar respublikamızın sosial-iqtisadi, ictimai-mədəni inkişafına dəyərli töhfələr verirlər. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatına əsasən, qadınlar daha çox təhsil, səhiyyə, incəsənət, turizm və sosial xidmət sahələrində çalışırlar”.

Nazir qeyd edib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsas götürülməklə yeni “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nın layihəsi hazırlanır: “Həmin layihədə uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq, əhalinin kəmiyyət və keyfiyyət artımını təmin etmək üçün hərtərəfli şəraitin yaradılmasına yönələn tədbirlər nəzərdə tutulub. Layihədə doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələlərinə də xüsusi yer ayrılıb”.

Doğulanlar arasında cins nisbətinin aradan qaldırılmasına yönələn Fəaliyyət Planının hazırlanması barədə məlumat verilib: “Fəaliyyət Planının hazırlanması ilə əlaqədar beynəlxalq ekspert müəyyən olunub və bu ilin sonuna qədər Planın ilkin layihəsinin hazırlanıb təqdim olunması nəzərdə tutulur”.

Sonra Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

azertag.az