Məleykə Abbaszadə: Qəbul və buraxılış imtahanlarında qızlar oğlanlara nisbətən daha yüksək nəticə göstərirlər
9.10.2017

Son 10 ildə Azərbaycanda keçirilən qəbul və buraxılış imtahanları zamanı gender bərabərliyində dəyişikliklər müşahidə edilib. Belə ki, qəbul və buraxılış imtahanlarında hər bir fənn üzrə qızların orta statistik nəticələri oğlanlara nisbətən daha çox olub.

Bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorları Şurasının sədri Məleykə Abbaszadə oktyabrın 9-da Bakı Dövlət Universitetində keçirilən “Elmdə Azərbaycan qadınlarının rolu” mövzusunda “dəyirmi masa”da söyləyib.

M.Abbaszadə vurğulayıb ki, əvvəllər ən yuxarı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil ediblər. Lakin son 10 ildə bu tendensiya dəyişib. Artıq imtahanlarda yüksək nəticə göstərənlər arasında qızların sayı artıb. M.Abbaszadə deyib: “Gender bərabərliyi humanitar və texniki sahələr üzrə də bölünüb. Belə ki, qızlar humanitar, oğlanlar isə texniki sahələrə daha çox üstünlük verirdilər. Ötən 10 il ərzində Azərbaycanda bu tendensiya da dəyişib. 2016-cı ildə buraxılış imtahanlarının nəticələrinə əsasən elə universitetlər var ki, orada oğlanlar üstünlük təşkil edirlər. Məsələn, Azərbaycan Texniki Universitetinin tələblərinin 79 faizi oğlan, 20 faizi isə qızlardır. Azərbaycan Dövlət Dəniz Akademiyasına ötən il 308 oğlan, 1 qız qəbul olub. Həmin ali məktəb yalnız oğlanları qəbul edir. Buna baxmayaraq, orada təhsil almaq istəyən qız isə ərizə yazaraq orada təhsil alır. Ölkədə magistraturaya daha çox qızlar qəbul olunurlar. Rezidentura pilləsində təhsil alan qızların sayı kifayət qədər çoxdur”.

DİM Direktorları Şurasının sədri bildirib ki, ali məktəblərin dövlət sifarişli yerlərinə qızlar daha çox qəbul edilir. Amma ödənişli ixtisaslara daha çox oğlanlar qəbul olunurlar. Həmin balla qızlar orta ixtisas təhsili müəssisələrində təhsil alırlar. Bu da ailələrin təsiridir, çünki onlar ödənişli ixtisaslarda qızlara nisbətən oğlanların təhsil almasına üstünlük verirlər.

azertag.az