Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Bakı Yunus Əmrə İnstitutu arasında türk dilində tədrisin inkişafına dair protokol imzalanıb.
Sənədə əsasən, UNEC-də türk dilinin tədrisində Avropa Dil Portfeli və beynəlxalq dil tədrisi standartlarına görə hazırlanan “Yunus Əmrə İnstitutu Modeli”nin tətbiqi nəzərdə tutulur. Eyni zamanda, UNEC-lə Bakı Yunus Əmrə İnstitutu türk dilinin tədrisi sahəsində ortaq elmi araşdırmaları davam etdirəcəklər.
UNEC-dən bildiriblər ki, tədbirdə universitetin rektoru, professor Ədalət Muradov Türkiyə ali təhsil müəssisələri ilə əlaqələrin əhəmiyyətindən, əməkdaşlıq çərçivəsində imzalanan ikitərəfli razılaşmalar, ikili diplom proqramları, 50-dək ali məktəblə reallaşdırılan Mövlanə Proqramından danışıb. O, bu əməkdaşlığın UNEC-də türk dilində tədrisin aparılmasına böyük imkanlar yaratdığını diqqətə çatdırıb.
Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC-in Türkiyə ali təhsil müəssisələri ilə əlaqələrini yüksək dəyərləndirib.
Sonra iki qurum arasında türk dilində tədrisin inkişafına dair protokol imzalanıb.
Sənədi professor Ə.Muradov və İ.Yıldırım imzalayıblar.
azertag.az