Xalq Şairi Məmməd Arazın xatirəsinə həsr olunmuş “Poeziya günü”
16.10.2017

Oktyabrın 14-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Yazıçılar Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Xalq Şairi Məmməd Arazın xatirəsinə həsr olunmuş “Poeziya günü” keçirilib.

Əvvəlcə böyük sənətkarın öz səsində “Ana torpaq” şeiri dinlənilib.

Tədbirdə layihənin ideya müəllifi Qardaşxan Əzizxanlı, Bilik Fondunun sektor müdiri Hacı Nərimanoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və şairin qızı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay çıxış edərək böyük sənətkarın həyatından, zəngin yaradıcılığından söz açıblar.

Bildirilib ki, Məmməd Araz Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri kimi yaddaşlara köçüb. Böyük sənətkar öz yaradıcılığı ilə hər zaman həqiqət axtarışında olub, haqq işi uğrunda mübarizə aparıb. Vətən məhəbbəti, doğma yurdun füsunkar təbiəti, Qarabağ ağrıları onun poeziyasının əsas mövzularını təşkil edir. Onun “Azərbaycan – dünyam mənim”, “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir.

Sonra məktəblilər şairin poeziyasından nümunələr söyləyib, Əməkdar Artist Yaqub Zurufçunun ifasında mahnılar səslənib.

azertag.az