İtaliya Senatında Azərbaycan-İtaliya strateji tərəfdaşlığının aspektləri müzakirə olunacaq
17.10.2017

Oktyabrın 18-də İtaliya Senatının “Palazzo Giustiniani” sarayında “Azərbaycan və İtaliya arasında 25 illik əməkdaşlıq: strateji tərəfdaşlığa aparan yol” adlı konfrans keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Scenari İnternazionali” online jurnalına müsahibəsində bildirib. Diplomat tədbir keçiriləcək oktyabrın 18-nin Azərbaycan tarixində önəmli günlərdən olduğunu, 1991-ci il həmin tarixdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edildiyini deyib.

M.Əhmədzadə cari il ərzində Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin 25 illiyi münasibətilə silsilə tədbirlərin keçirildiyini, bu tədbirlərin iki ölkə arasında münasibətlərdə əldə edilmiş nəticələrin geniş ictimaiyyətə təqdim olunması üçün əhəmiyyətli olduğunu qeyd edib, İtaliya Senatında təşkil olunacaq konfransda hər iki ölkədən hökumət və parlament rəsmilərinin iştirak edəcəyini və Azərbaycan-İtaliya strateji tərəfdaşlığının bütün aspektlərinin müzakirə olunacağını bildirib.

Müsahibəsində diplomat, eləcə də Azərbaycan-İtaliya əməkdaşlığı, Azərbaycan-Avropa İttifaqı münasibətləri, Azərbaycanda davamlı inkişafın təmin olunması istiqamətində atılan addımlar və onların nəticələri, ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli tədbirlərlə bağlı sualları cavablandırıb.

trend.az